Ateizm termini XVI əsrdə Fransada meydana gəlib, lakin ateist düşüncələr Qədim Misirdə, qədim yunan və Roma mədəniyyəti dövründə də mövcud olmuşdur. Hələ Qədim Misirdə dini baxışları tənqid edən əsərlər yaranmışdı.
Ateizm (qədim yunan sözü ἄθεος, tanrısız ) fövqəltəbiiliyi– tanrıların, ruhların, digər qeyri-maddi varlıqların və qüvvələrin, ölümdən sonrakı həyatın mövcudluğunu inkar edən dünyagörüşüdür. Ateistlər mövcud olan bütün din və etiqadların insanlar tərəfindən yaradıldığını iddia edir və kainatın yaradılışına elmi nöqteyi-nəzərindən yanaşırlar.
Ateizm termini ilk əvvəl alçaldıcı və təhqiredici epitet kimi meydana gəlmiş, mövcud dinlə münqaişədə olan istənilən şəxsə və ya doktirinaya aid edilmiş, lakin sonrarlar ifadə və fikir azadlığı, elmi skeptizm və dini tənqidin yaranması ilə əlaqədar, bu termin dəqiqləşərək, konkret mövqeyə – fövqəltəbiiliyi inkar edənlərə aid edilməyə başlanmışdır.
Qədim yunan dilində bu söz “tanrısızlığı” bildirsə də, yalnız e.ə.V əsrdən etibarən “günahkar” mənasından uzaqlaşaraq, məhz “bütün tanrıları inkar edən”, “tanrılarla əlaqəni kəsən” məqsədli ateizmi bildirməyə başlamışdır.
Praktiki ateizmi bildirmək məqsədi ilə ateist sözü ilk dəfə 1557-ci ildə işlənmiş, daha sonralar isə bu sözdən qohum sözlər: deist (1621-ci il), teist (1662-ci il), teizm (1678-ci il) və deizm (1682-ci il) sözləri yaranmışdır. Karen Armstronq “Tanrının tarixi” əsərində deyir ki, hətta XVI-XVII əsrlərdə özünü “ateist” adlandırmaq heç kəsin ağlına belə gəlməzdi, çünki ateist sözü yalnız mübahisələrdə istifadə olunmuş və təhqiredici mənaya malik olmuşdur. XVIII əsr Avropasında bu termin monoteist yəhudi-xristian tanrısını inkar edənlərə aid edilirdi və yalnız XX əsrdə qloballaşma sayəsində termin daha geniş yayılmış və bütün ilahiliyi, fövqəltəbiiliyi inkar edənlərə aid edilməyə başlanmışdır.
Ateistlərin heç də hamısı eyni düşüncəyə malik deyillər, ateizmin aşağıdakı növləri var:
Gizli və aşkar ateizm.
Corc Henri Smit (1979) deyir: “Teizmdən xəbəri olmayan insan ateistdir, çünki tanrıya inanmır. Bura həm də uşaqlar daxildir”. Hələ 1772-ci ildə ateist Holbax deyirdi:”Bütün uşaqlar ateistdirlər, çünki onlar tanrı haqqında heç bir təsəvvürə və məlumata malik deyillər”. Beləliklə, gizli və aşkar ateizm anlayışlarını formalaşdıran Smitin fikrincə, gizli ateist “teizmdən xəbərsiz olduğuna görə bilmədən tanrının inkar edən”, aşkar ateist isə “tanrını şüurlu şəkildə inkar edən” şəxsdir.
Güclü və zəif ateizm.
Filosoflar Entoni Flu və Maykl Martin zəif (neqativ) və güclü (pozitiv) ateizm ideyasını irəli sürüblər. Güclü və ya pozitiv ateist tanrıların mövcudluğunu qəti şəkildə inkar edən şəxsdir. Zəif ateizm isə teist düşüncələrin olmadığı bütün baxışları əhatə edir. Bu bölgüyə əsasən istənilən insan ya “güclü”, ya da “zəif” ateistdir, zəif ateist bölgüsünə eyni zamanda aqnostiklər də daxil edilir. Lakin aqnostiklərin əksəriyyəti öz baxışlarını ateizmlə əlaqələndirmirlər.
Kor-təbii və elmi ateizm.
Kor-təbii ateizm elmdən başqa bir şeyə (məsələn, sağlam düşüncəylə gəlinmiş nəticə və ya skeptizm, fövqəltəbiiliyə qarşı marağın olmaması, dinlərdən xəbərsizlik vəs. ) əsaslanır.
Elmi ateizm isə dini baxışları təkzib etmək üçün elmi metodlardan istifadə olunmasına xüsusi əhəmiyyət verir. Elmi ateizm termini ilk dəfə 1954-cü ildə SSSR-də istifadə olunmuşdur. Təbiət elmlərinin nailiyyətləri dünyanın dinlərin təsvir etdiyi şəkildə yaradılması fikrini rədd edir. Məsələn, Yerin yaşı Tövrat və İncilə əsasən 10000 ildən az hesablanmışdır, bu isə müxtəlif geoloji üsullarla əldə olunmuş rəqəmlərlə qətiyyən uyğun gəlmir (təxminən 4,6 mld il).
Praktiki və nəzəri ateizm.
Ateist düşüncənin məntiqi bölgüləri arasında praktiki və nəzəri ateizm digərlərindən daha çox tanınmışdır.
Praktiki ateizmə və ya apateizm (dinlərə qarşı laqeydlik, apateistlər tanrının mövcud olub-olmamasının onların həyatı üçün heç bir əhəmiyyəti olmadığını düşünürlər) kimi tanınmış praqmatik ateizmə (praqmatizm – müasir fəlsəfədə gerçəkliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən cərəyan) əsasən insanlar tanrıların varlığı və ya yoxluğuna əhəmiyyət vermədən yaşayırlar və təbiət hadisələrinin səbəblərini qeyri-adi qüvvələrdə axtarmırlar. Tanrıların varlığı təsdiq və ya inkar olunmasa da, onlar faydasız və mövcudluğu elə də vacib olmayan qüvvə hesab olunur. Bu dünyagörüşünə əsaəsən tanrılar həyat üçün mənasızdırlar və həyatın gedişatına heç bir təsir göstərə bilmirlər. Praktiki, kor-təbii ateizmin konkret dəlillərə ehtiyacı yoxdur, fövqəltəbii qüvvələrdən xəbərsizlik və dinlərə qarşı maraqsızlıq praktiki ateizmi formalaşdırır.
Nəzəri ateizm tanrılar haqqındakı konsepsiyaları yoxlamaq üçün məntiq cihazından istifadə edir, bu konsepsiyalardakı ziddiyyətlər tanrıların yoxluğunu sübut etməyə dəlalət edir.
Ateizm bu gün.
Müasir qərb sivilizasiyasının səciyyəvi cəhətlərindən biri əhalinin geniş kütlələri arasında dinə marağın azalmasıdır. İnkişaf etmiş ölkələrdə ibadətxanalar daha az ziyarət olunur, dini ayinlərə isə daha az əməl olunur. Aqnostizm və ateizmə üz tutan insanların sayı çoxalır, hətta inanclı insanlar gündəlik həyatlarında dinə elə də mühüm yer ayırmırlar.
Yüksək iqtisadi inkişafa malik (İE) dünya ölkələrində, ABŞ və Kuveyti çıxmaq şərti ilə, dinə marağın səviyyəsi digər ölkələrə nisbətən daha azdır. İnkişaf etməkdə olan (İEO) ölkələrdə, xüsusən ölkə nə qədər kasıbdırsa, ölkə əhalisi bir o qədər çox dindən möhkəm yapışır və həyatında ona başçı vəzifəni ayırır. İran, Sudan, Pakistan və Səudiyyə Ərəbisatnı kimi islam ölkələrində şəriət hökm sürür, şəriətə əsasən islamdan və tanrılardan imtina etmək qəbahət hesab olunur və ölümlə cəzalandırılır.
Dünya əhalisi arasında ateistlərin dəqiq sayını müəyyən etmək kifayət qədər çətin bir məsələdir. Əvvəla, sorğu iştirakçıları “ateizm” termini ilə aqnostizm və digər qeyri-dini, qeyri-teist etiqadlar arasındakı fərqi müxtəlif cür qavraya bilərlər. Bundan başqa, dinin mühüm rol oynadığı ölkələrdə insanlar təqib və diskriminasiyaya məruz qalmamaq məqsədi ilə ateist baxışlarını nümayiş etdirməməyə çalışırlar.
Mənbə: Yovşan.com
Mənbə: Yovşan.com
No comments:
Post a Comment