29 March 2012

Namaz qılan və Tramvay çəkən

Birisi gedib zəhmət çəkib namaz qılmaq öyrənib, birisi də gedib zəhmət çəkib tramvay elmini öyrənib.
Bu söhbəti ondan ötəri açdım ki, bir dəstə namaz qılmayan şura (sovet) mühəndisləri bu günlərdə Bakının Dağlı məhəlləsinə tarmavay çəkib qurtardılar.
İndi qəbr üstə gedən mömün müsəlmanlar cümə axşamları rahatca tamvaya əyləşib qəbristana tərəf yollanırlar ki, ölülərinin qəbrinin üstə "yüsəbbeh" oxusunlar.
İndi mənə bir belə məsələ ariz olub ki, ayə, namaz qılmaq və tramvay işini bilmək-bunların hansı faydalıdır?
Əgər desək ki, tramvay elmi bir qəpiyə dəyməz-onda bəs biz niyə tamvaya minib qəbr əhlini ziyarətə gedirik?
Əgər desək ki, tramvay elmi namaz "elmindən" çətindir və lüzumludur, onda (aman allah!) Fazili-Dərbəndi həpəndə nə cavab verərik?!
Hələ bunu da demirəm.
Sözümün əsl mənası aşağıdadır.
Dağlı məhəlləsinə çəkilən tramvayı quranların hamısı namaz qılmayan mühəndislərdir ki,binamazlıqları səbəbdən allah-taala onları heç dost tutmaz. Bir tərəfdən də həmin tramvay Dağlı məhəlləsinə böyük abadlıq və mənfəət verir və dağlıların tərəqqisinə səbəb olur.
Mən indi bunu isitəyirəm başa düşəm ki, ayə, əgər doğurdan da allah varsa və bu işləri görürsə, bəs nə deyir? Bəs niyə bu qədər fazil və mömün və müqəddəs molla və mərsiyəxanı, müəzzin və əməleyi-mövtanı namaz qılmayan xarici tramvay mühəndislərinə möhtac eləyir?
Mən bunu bilmək istərdim.

Cəlil Məmmədquluzadə, "Molla Nəsirəddin" jurnalı, 31 oktyabr, 1929-cu il, No-44. 

No comments:

Post a Comment