Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, Avropa yəhudiləri (aşkenazi) və gürcü yəhudiləri icmaları mövcuddur.
Dağ yəhudiləri hazırda ölkədəki yəhudi diasporu arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin danışıqlarında çoxlu türk, fars və rus sözləri vardır.
Musa Kalankatuklu dağ yəhudilərinin Qafqaza gəlməsini e.ə. 1-ci əsrə aid edir. Başqa məlumatlara görə, onlar Şərqi Qafqaza Sasani hökmdarı I Xosrov Nuşirəvan [531-579] tərəfindən köçürülmüşlər.
Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Talmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri hesab edirlər.
Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Qırmızı Qəsəbə bütün postsovet məkanında dağ yəhudilərinin kompakt halda məskunlaşdıqları ən iri yaşayış məntəqəsidir. Ayin orucu günü dünyanın hər yerindən dağ yəhudiləri yaxınlarının qəbirlərini ziyarət etmək üçün buraya gəlirlər. Qəsəbədə üç sinaqoq və mikva vardır.
Azərbaycanda 19-cu əsrdən məskunlaşmağa başlamış Avropa yəhudilərinin əksəriyyəti Bakıda və Sumqayıtda yaşayırlar.
Gürcü yəhudilərinin icması sayca kiçikdir. 1997-ci ildə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini yaratmışlar.
2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur.
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. Bakı, 2007, səh. 153-158.
No comments:
Post a Comment